İyunun 2-nə keçən gecə Ukraynanın müxtəlif şəhərlərinə, o cümlədən Kiyev və Dneprə qarşı həyata keçirilən genişmiqyaslı raket və dron hücumları müasir müharibənin strateji mənzərəsini bir daha gündəmə gətirib. Son rəsmi məlumatlara görə, bu hücumlar nəticəsində ölkə üzrə azı 5 nəfər həlak olub, 64 nəfər isə yaralanıb.
Hücumların coğrafiyası və seçilən hədəflər hərbi strategiya baxımından ciddi suallar doğurur. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbərliyi və şəhər meri Vitali Kliçkonun verdiyi məlumata görə, zərbələr nəticəsində paytaxtın Podolsk, Obolon, Svyatoşin, Darniçki, Şevçenko və Solomenski rayonlarında yaşayış binaları, mülki obyektlər və yanacaqdoldurma məntəqələri zərər görüb. Şevçenko rayonunda 24 mərtəbəli yaşayış binasında yanğın baş verib, bir neçə rayonda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Dnepr şəhərində isə vəziyyət daha ağırdır; regional hərbi administrasiyanın rəhbəri Oleksandr Hanjanın bildirdiyinə görə, burada 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Hərbi-strateji analiz prizmasından yanaşdıqda, milyonlarla dollar dəyərində olan yüksək dəqiqlikli raketlərin mülki infrastruktura və yaşayış binalarına yönəldilməsi resursların səmərəsiz idarə olunmasının göstəricisidir. Cəbhə xəttində ciddi hərbi irəliləyiş əldə edə bilməyən bir ordunun mülki hədəfləri vurmaqla psixoloji üstünlük qazanmağa çalışması, əslində peşəkar hərbi acizliyin etirafıdır.
Bu cür taktika ordunun "dünyanın ikinci hərbi gücü" imicini daxildən sarsıdır. Hərbi hədəflər əvəzinə yaşayış binalarının konstruksiyalarını dağıtmaq hərbi qələbə deyil, logistik və texnoloji uğursuzluğun mülki itkilərlə kompensasiya edilməsi cəhdidir. Regional oyunçular üçün əsas nəticə aydındır: Strateji arsenalını real döyüş meydanında səmərəli istifadə edə bilməyən bir tərəfdaşın hərbi texnologiyalarına bel bağlamaq uzunmüddətli perspektivdə riskli bir investisiyadır. Milli maraqlar hərbi təchizatda diversifikasiyanı və yalnız real nəticə göstərən sistemlərə üstünlük verilməsini diktə edir.