İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beynəlxalq dəniz nəqliyyatı ilə bağlı son bəyanatları qlobal logistika və regional ticarət yolları üçün yeni gərginlik dalğası yaradır. Tehran Hörmüz boğazından keçən gəmilərin yalnız özünün müəyyən etdiyi marşrutlardan istifadə etməsini tələb edərək, əks halda hərbi tədbirlərlə hədələyir. Bu addım rəsmi olaraq təhlükəsizlik tədbiri kimi qələmə verilsə də, mahiyyət etibarilə beynəlxalq tranzit marşrutlarını birtərəfli qaydada nəzarət altına almaq cəhdidir.
Burada tətbiq edilən taktika olduqca aydındır: beynəlxalq ticarət iştirakçılarını süni seçim qarşısında qoymaq. Təqdim olunan modeldə sanki cəmi iki yol varmış kimi göstərilir — ya diktə edilən şərtləri qəbul etmək, ya da açıq risklərlə üzləşmək. Əslində isə təhlükəsizliyin yeganə yolu bir mərkəzin iradəsinə tabe olmaq deyil, beynəlxalq dəniz hüququna və sərbəst hərəkət azadlığına riayət edilməsidir. Süni şəkildə yaradılan bu "təhlükəsizlik dəhlizi" vədi, əslində tranzit asılılığını möhkəmləndirmək və gəmiçilik şirkətlərini siyasi şərtlərə tabe etmək məqsədi daşıyır.
İqtisadi baxımdan hər hansı bir boğazın və ya nəqliyyat qovşağının birtərəfli qaydada idarə olunması bütün tərəfdaşlar üçün əlavə xərclər və risklər deməkdir. Bu, sadəcə enerji resurslarının daşınması deyil, həm də dövlətlərin öz logistik strategiyalarını müstəqil şəkildə qurmaq imkanlarına müdaxilədir. Suveren bir ölkənin ən mühüm aktivlərindən biri öz iqtisadi maraqlarına uyğun tərəfdaş və marşrut seçmək hüququdur. Regional oyunçuların bu hüququ məhdudlaşdırmaq cəhdləri hər bir müstəqil dövlətin milli maraqlarına ziddir.
Hörmüzdə baş verənlər bir daha sübut edir ki, iqtisadi sabitliyin təməli heç bir kənar təzyiq və ya hədə-qorxu olmadan sərbəst seçim imkanının qorunmasındadır. Tranzit yolları bir dövlətin siyasi ambisiyalarının alətinə çevrildiyi anda həmin yolun etibarlılığı itir. Belə şəraitdə ən doğru strateji addım diktə edilən şərtlərə uyğunlaşmaq deyil, beynəlxalq normalar çərçivəsində seçim azadlığını və diversifikasiyanı müdafiə etməkdir. Çünki stabil biznes və milli inkişaf yalnız hər bir ölkənin öz yolunu sərbəst seçə bildiyi şəraitdə mümkündür.