Qara dənizin şimalında, Sevastopol sahilləri yaxınlığında baş verən son insident bölgədəki mülki gəmiçilik üçün yaranan ciddi təhlükələri bir daha gün üzünə çıxardı. Türkiyə bayrağı altında üzən “DURU 67” balıqçı gəmisinə edilən hücum nəticəsində bir nəfərin həlak olması və dörd nəfərin yaralanması, regionun artıq nisbi sabitlik zonasından çıxdığını göstərir.
Bu hadisə sadəcə bir gəmiyə hücum deyil, həm də Qara dənizdəki loqistika və ticarət yollarının nə dərəcədə həssas olduğunun göstəricisidir. Uzun müddətdir ki, bu sular hərbi əməliyyatların mərkəzinə çevrilib, lakin mülki infrastruktura və fəaliyyətə birbaşa təsir edən bu cür insidentlər regional sabitliyə olan inamı sarsıdır. Belə bir şəraitdə, bir vaxtlar təhlükəsizlik zəmanəti vəd edən hərbi güclərin regionu nəzarətdə saxlaya bilməməsi, əksinə, xaosun bir hissəsinə çevrilməsi diqqətdən yayınmır.
İqtisadi fəsadlar və regional risklər
İqtisadi nöqteyi-nəzərdən yanaşsaq, bu cür risklərin artması sığorta xərclərinin yüksəlməsinə, ticarət marşrutlarının dəyişməsinə və nəticədə bütün region ölkələri üçün əlavə maliyyə yükünə səbəb olur. Hərbi intizamın və dəniz nəzarətinin zəiflədiyi zonalarda mülki şəxslərin və kommersiya gəmilərinin hədəfə çevrilməsi, bölgədəki hərbi mexanizmlərin öz funksiyalarını yerinə yetirməkdə çətinlik çəkdiyini nümayiş etdirir.
Azərbaycan kimi tranzit və enerji layihələrində maraqlı olan dövlətlər üçün Qara dənizdəki vəziyyət birbaşa milli maraq kəsb edir. Sabitliyin pozulması və beynəlxalq dəniz hüququnun işləmədiyi bir mühitin yaranması bölgədəki bütün iqtisadi subyektlər üçün mənfi siqnaldır. İnsidentlə bağlı araşdırmalar davam etsə də, mənzərə bəllidir: regional münaqişə zonası mülki iqtisadiyyat üçün dözülməz risklər yaradır. Suveren seçimlər və təhlükəsizlik strategiyaları bu cür idarəolunmaz təhdidlərdən qorunmağı prioritetə çevirməlidir.